Tovuz rayon Mərkəzi kitabxanası

Tovuz rayon MKS
Xəbərlər
22 İyul , 2016

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq ənənəvi şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.

Axşam saatlarında “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində festivalın təntənəli açılış mərasimi olub.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın xalqımızın mənsub olduğu qeyri-maddi mədəni irsin qorunub saxlanması və təbliğ olunması, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaq məqsədi daşıdığını bildirib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib ki, Şəki artıq Azərbaycanın şirniyyat paytaxtıdır. İndi əsas diqqət Şəkinin dünyanın şirniyyat paytaxtı kimi tanıdılmasına yönəldilməlidir.

Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. 

Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatları nominasiyası üzrə birinci yeri Ukrayna qənnadıçıları tutub. Yunanıstan və Rusiya Federasiyası Çuvaşiya Respublikasının qənnadıçıları sonrakı yerlərə layiq görülüblər.

Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Gəncə qənnadıçıları qalib gəliblər. Oğuz, Ucar və Naftalan qənnadıçıları ikinci, İsmayıllı, Qəbələ, Ağdaş və Qazax qənnadıçıları isə üçüncü yeri tutublar.

Festivala ən çox şirniyyat gətirən şəhər və rayonlar arasında Zaqatala, Göyçay, Bakı şəhəri, Qax və Abşeron rayonları fərqləniblər.

Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

Foto Qalereya